İtaliya superkuboku uğrunda oyun keçirilib. “Sassuolo”nun meydanı olan “Mapei” arenasında A seriyasının qalibi “Yuventus”la ölkə kubokunun sahibi “Napoli” qarşılaşıb. Komandalar ilk hissədə bir neçə epizodda fərqlənməyə yaxın olsalar da, hesab açılmayıb. İlk qol 64-cü dəqiqəyə təsadüf edib. Kriştianu Ronaldu yaxın məsafədən qapını dəqiq nişan alaraq “Yuventus”a üstünıük qazandırıb. Bununla portuqaliyalı superulduz rəsmi görüşlərdə vurduğu qolların sayını 760-a çatdırıb. Beləcə Ronaldu bu göstəricidə keçmiş Çexoslovakiya oyunçusu, vaxtilə 759 qol həddinə çatmış Yozef Bitsanı arxada qoyaraq rəsmi oyunlarda ən çox fərqlənən futbolçu kimi yeni rekord müəyyənləşdirib.
80-ci dəqiqədə “Napoli” futbolçuları tarazlığı bərpa etməl üçün əla imkan qazansalar da, Lorentso İnsinye penaltini dəqiq yerinə yetirə bilməyib. Əvəzində Turin klubu final fitinə saniyələr qalmış rəqibin qapısından 2-ci topu keçirib. Alvaro Morata əks-hücumu qolla tamamlayaraq mübarizəyə nöqtə qoyub - “Yuventus” - “Napoli” 2:0. Tarixində 9-cu dəfə Superkuboka yiyələnən “Qoca Sinyora”ya rəhbərlik edən Andrea Pirlo baş məşqçi karyerasında ilk titulunu qazanıb. Pirloya çox gözəl tanış olan Cennaro Qattuzonun “Napoli”si isə 2-ci dəfə Superkubok uğrunda qarşılaşmada uduzub. Neapollular tarixlərində 2 dəfə bu kuboku qazanmağa nail olublar.